Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təqdim etdiyi eskiz layihələr əsasında bir sıra heyvan bazarlarında yenidənqurma, abadlıq və texniki uyğunlaşdırma prosesləri intensiv şəkildə davam etdirilir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən hafta.az-a verilən məlumata görə, aparılan monitorinqlər göstərir ki, ölkə üzrə 14 heyvan bazarında yenidənqurma prosesi aparılır.
Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Göyçay, Göygöl, İmişli, Salyan və Şamaxı rayonlarındakı heyvan bazarlarında işlər AQTA-nın Kollegiyasının 50 nömrəli qərarı ilə təsdiq olunmuş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun olaraq mərhələli şəkildə gedir. Bazarlarda dezbaryerlərin quraşdırılması, ərazinin hasarlanması, heyvanlara baxış platformalarının tikilməsi, çardaqların və satış pavilyonlarının qurulması, asfaltlanma və betonlama işlərinin görülməsi təmin olunub. Heyvanların bazarlara rahat və təhlükəsiz şəkildə daxil olmasını təmin edən rampaların quraşdırılması, arakəsmələrin yaradılması və texniki şəraitin standartlara uyğunlaşdırılması sahəsində də işlər davam edir.
Abşeron, Masallı, Qazax, Xaçmaz və Zaqatalakı heyvan bazarlarında isə rekonstruksiya işlərinə yeni başlanılıb və qısa müddətdə intensiv şəkildə icra olunması nəzərdə tutulur.
Təəssüflər olsun ki, bəzi heyvan bazarlarında hələ də təmir və rekonstruksiya işlərinə başlanılmayıb. AQTA bir daha bildirir ki, tələblərə əməl etməyən heyvan bazarlarının fəaliyyətinə icazə verilməyəcək.
Heyvan bazarlarında aparılan yenidənqurma işləri ilə https://youtu.be/6-uBsUx-VFY linki vasitəsilə videoçarxı izləmək olar.